Sep 13 2019 18:57
Views: 266

“OPEC+ Nazirlərin Monitorinq Komitəsinin iclasında ekspertlərin təqdim etdikləri rəy və tövsiyələr mühüm əhəmiyyət kəsb edir”. Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən toplantının yekunlaırnı şərh edən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev CBC-yə müsahibəsində belə deyib. Qeyd edib ki, iclasda hasilatın azaldılmasına dair razılaşmanın həyata keçirilməsi ilə bağlı mövcud nəticələr və 2020-ci ilə dair proqnozlar müzakirə edilib. Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb. Ekspert hesab edir ki, hələ razılaşmanın yerinə yetirilməsində bəzi çatışmazlıqlar var.

Neft hasilatının azaldılmasına dair sazişdə iştirak edən OPEC+ ölkələri 2019-cu ilin avqustunda öhdəliklərini 136% həcmində yerinə yetirib. Bu göstərici iyul ayında 159% olmuşdu. İlin sonuna qədər hasilatın azaldılması öhdəliklərinin 100% səviyyəsinə çatdırılması tövsiyə edilib. Ekspert hesab edir ki, bazar sabitliyinə nail olmaq üçün OPEC+ ölkələrinin, eləcə də OPEC üzvlərinin öhdəliklərinə sadiq qalması vacibdir.

Ekspert OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclasında Azərbaycanın da iştirakını önəmli hesab edir. Qeyd edir ki, Azərbaycan Avropa bazarlarında yüngül və ağır neftin balansının təmin olunmasında əsas fiqurlardan biri sayılır.

Xatırladaq ki, Azərbaycan neftin qiymətinin sabitləşməsi təşəbbüsünə ilk gündən dəstək verib. ölkəmiz hasilatı sutkada 20 min barel azaltmaq barədə öhdəlik götürüb. Energetika nazirliyinin məlumatına görə, avqust üzrə gündəlik neft hasilatı 749 min barrel olub. Bu da, gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşmaya tam əməl olunması deməkdir. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin 17-ci iclası dekabrın 4-də Vyanada keçiriləcək.


Create Account



Log In Your Account