Aug 29 2019 19:26
Views: 223

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan “ASAN xidmət” mərkəzində fəaliyyət göstərəcək”. Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Bildirib ki, dövlət ekoloji ekspertizası üzrə icazələrin, eyni zamanda, vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət”də həyata keçiriləcək. Nazirlik rəsmisi Xəzər dənizinin çirkləməsi məsələsinə də toxunub. Bu günədək aparılan monitorinqlərin nəticələrinə görə, dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib.
Nazirliyin şöbə müdiri Mirsalam Qənbərov Xəzər dənizini çirkləndirən əsas mənbələri açıqlayıb. Bildirib ki, bu sahədə mövcud problemlərin həll olunması üçün ictimai nəzarət daha da gücləndirilməlidir.
Xəzər sahili boyunca yerləşən yaşayış massivlərinin çoxunda formalaşan tullantı suları Hövsan kanalı və digər axarlar vasitəsilə təmizlənmədən birbaşa dənizə axıdılmaqda davam edir. Bu da dənizdə gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olur.
Azərbaycanda atmosfer havası ilə bağlı aparılan monitorinqlərin nəticələri də açıqlanıb. Monitorinqin nəticələrinə görə, isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsi daha intensiv xarakter alır. paytaxtda havanın çirklənməsinin 70%-dən çoxu avtonəqliyyatın payına düşür. Bununla yanaşı, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir. Nazirlik rəsmiləri çıxış yolunu elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən sıxılmış qazla işləyən avtomobillərin sayının artırılmasında görürlər. Dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri minimuma endirilməli, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməlidir.


Create Account



Log In Your Account