Jan 21 2019 15:24
Views: 281

Abşeron yarımadasında, Balaxanı və Məhəmmədi qəsəbələri arasında yerləşən Qırməki adlanan sahədə paleolit dövrünə aid edilən tapıntılar aşkarlanıb. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron arxeoloji ekspedisiyası”nın apardığı kəşfiyyat işləri zamanı itiuclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları, çaxmaq və andezit daşından hazırlanan materiallar tapılıb. “Abşeron arxeoloji ekspedisiyası”nın rəhbəri İdris Əliyevin sözlərinə görə, əvvəllər belə bir fərziyyə irəli sürülüb ki, Abşeron yarımadası Xəzər dənizinin  suyunun geri çəkilməsindən sonra təxminən 200 min il əvvəl peyda olub. Amma araşdırmaların nəticəsindən sonra Abşeron yarmadasının bir hissəsinin 150-200 min il əvvəl suda deyil, məhz  quruda mövcud olması ehtimalı yaranıb.

Kəşfiyyat aparılan ərazinin miqyası 4-5 kilometri əhatə edir. Materialların ilkin müqayisəli təhlilini aparan mütəxəssislərin fikrincə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək olar.Amma bununla yanaşı poleolit,yuxarı paleolit və neolit dövrünə aid olan materialların da aşkarlanması istisna edilmir. Geoloji çöküntülərdə tapılan  qədim paleontoloji materiallar bölgənin paleolit dövründə zəngin faunaya malik olmasını da göstərir.

Son tapıntılar paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürütməyə imkan verir. Çünki hələ 1938-ci ildə Binəqədidə qırlı ərazilərdə yaşı100 min ildən çox olan məməlilərin qalıqlarının tapılması burada insanların ov etməsini, hətta düşərgə salması ehtimalını artırır.

Arxeoloqların bu ərazidə paleolit dövrünə aid materiallar tapması daha bir fikir söyləməyə əsas verir ki, bu ərazi qədim insanların kompakt şəkildə yaşadığı yer olub.

Abşeronda qədim məskunlaşma məsələsi indiyədək mübahisəli sayılıb. Çünki bundan əvvəl paleolit dövrünə aid tapıntılar az və bölgədə bu dövrə aid məskənlərin aşkar olunması faktı demək olar ki, yox idi. İdris Əliyevin sözlərinə görə, daha dolğun məlumatlar əldə etmək üçün ərazidə araşdırmaların və qazıntıların aparılması mütləqdir.

Arxeologiya və Etnoqrafiya İnstitutu Azərbaycanda tapılan maddi mədəniyyət nümunələrinin  öyrənilməsində maraqlıdır. Bu il ərazidə lazımı işlərin görülməsi planlaşdırılır. İdris Əliyev deyir ki, arxeoloji qazıntıların aparılması və xarici mütəxəssislərin də bu prosesə cəlb edilməsi daha dəqiq məlumatların əldə edilməsinə böyük dəstək ola bilər. Yalnız bundan sonra araşdırmalara dəqiq qiymət vermək olar.


Create Account



Log In Your Account