Jun 23 2020 18:55
Views: 387

Ermənistanda Konstitusiya quruluşunun devrilməsinə hökumət səviyyəsində cəhd olunur. Ötən gün Ermənistan parlamentində ölkə Konstitusiyasına dəyişiklik layihəsi ilə bağlı birinci oxunuşda səsvermə keçirilib. Növbəti oxunuşda layihə təsdiqləndikdən sonra ölkədə Konstitusiya Məhkəməsinin səlahiyyətləri dayandırılacaq. Ekspertlər bildirir ki, səbəb Konstitusiya Məhkəməsində əvvəlki hakimiyyət dövründən qalan hakimlərin sıradan çıxarılmasıdır. Paşinyan bu istiqamətdə hələ ötən ildən iş aparır. Politoloq Elşad Mirbəşiroğlu qeyd edir ki, bu gün Paşinyanın münaqişə yaşadığı əsas hakimiyyət qolu - məhkəmə hakimiyyətidir. Paşinyan həmişə bu istiqamətdə narazılığını büruzə verib. İndi isə həmin məhkəmənin hakimlərinin səlahiyyətlərini əlindən almaqla, bu qurumu iflic etməyə hazırlaşır. Beləliklə, yeni qanunun qəbulundan sonra Ermənistanda məhkəmə hakimiyyətinin formalaşmasında parlamentin söz sahibliyi güclənəcək, KM-nin heç bir mövqeyi olmayacaq. Bu durum ölkə daxilində siyasi ictimaiyyət və müxalifət tərəfindən ciddi narazılıqla qarşılanır. Lakin bu cinayət tərkibli proses beynəlxalq təşkilatlar tərəfindən sükutla izlənir. Qeyd edək ki, aprelin 5-də Ermənistanda bu məsələ ilə bağlı referendum keçiriləcəkdi. Lakin pandemiyaya görə səsvermə təxirə salındı. İndi isə Ermənistanın baş naziri Nikol Paşinyan məsələni parlamentdə həll etməyə üstünlük verib.


Create Account



Log In Your Account