Jul 03 2019 16:24
Views: 305

Fransada qorunan Azərbaycan xalçaları ilk dəfə olaraq Bakıya gətirilib. Parisin dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat indi Azərbaycan Xalça Muzeyinin zallarını bəzəyir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində açılan “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərginin məqsədi də paytaxta gələn qonaqlara bu haqda bilgi verməkdir.

Fransanın ölkəmizdəki səfiri Orelia Buşezin sözlərinə görə, bu xalçaların burada nümayişi Azərbaycanın mədəni həyatında əhəmiyyətli hadisədir. Bu, hər iki dövlət arasında mədəni əlaqələrin inkişafı və əməkdaşlığın göstəricisidir.

Hər üç xalça Azərbaycan toxuculuq sənətinin gözəl nümunələrindən hesab olunur. Ölçüsünə görə ən böyüyü olan “Xanlıq” xalçası 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Qarabağda toxunub.

Luvr Muzeyində sərgilənən digər eksponat 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərinə aid “Çələbi” xalçasıdır. Qarabağ xalçaçılıq məktəbinin çox nadir nümunələrindəndir. Gözəl və incə toxunuşa malik bu xalça da sərgi iştirakçılarının böyük marağına səbəb oldu. UNESKO-nun Bakı sessiyasının iştirakçıları Azərbaycan xalçalarına heyranlıqlarını bildirdilər.

“Azərbaycan mədəni irsi Luvr Muzeyində” sərgisi sentyabrın 30-dək davam edəcək.


Create Account



Log In Your Account