Aug 10 2020 18:03
Views: 333

2020-2021-ci il üçün peşə təhsili müəssələrinə 18 min 260 tələbə yeri açıq olacaq. Onlardan 11 min 40 nəfəri dövlət vəsaiti hesabına təhsil alacaq. 7 min 220 nəfər isə ödənişli qruplara qəbul olunacaq. Bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. Onun sözlərinə görə sözügedən tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Qəbul üçün açılan ixtisaslar əsasən Turizm və xidmət sənayesi, kənd təsərrüfatı ilə bağlıdır. Əlavə olaraq bu il bir sıra sahələr üzrə yeni ixtisaslar da qəbula daxil edilib. Bura avtomatika, sənayedə quraşdırma, elektronika ustası, veb dizayner, veb proqramlaşdırma təminatçısı kimi sahələr daxildir. Həmçinin ilk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqram tətbiq olunacaq.

Daha öncə peşə təhsil müəssələrində ödənişsiz təhsil alan şəxslər ikinci dəfə yalnız ödənişli ixtisasları seçə biləcək. Seçim zamanı bu kriteriyaları xüsusilə nəzərə almaq lazımdır. Çünki məlumatlar daxil edildikdən sonra hər hansı dəyişiklik etmək mümkün olmayacaq. Buraxılış imtahanlarında mövcud vəziyyətlə əlaqədar hələ də iştirak etməyib atestat ala bilməyən şəxslər isə bitirdikləri təhsil müəssələrindən müvafiq arayış alaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 10-24 avqust tarixlərində qebul.vet.edu.az platforması üzərindən tam ödənişsiz qaydada həyata keçiriləcək. Müsabiqənin nəticələri avqustun 25-də açıqlanacaq və qəbul olunan namizədlərin mobil nömrələrinə SMS gələcək.  mövcud pandemiya dövrü nəzərə alınaraq ehtiyac yarandıqda müxtəlif ixtisasların online şəkildə tədris edilməsi üçün TV dərslər və resursların yaradılması üçün imkanlar nəzərdən keçirilir.


Create Account



Log In Your Account