Jun 03 2020 18:07
Views: 210

Koronavirus infeksiyasına qarşı plazma üsulu ilə müalicənin tətbiqi dünyanın bir sıra ölkələrində, eləcə də Azərbaycanda uğurla davam edir. Müalicə zamanı COVID-19-dan sağalan insanların qanından alınan anti-cisimlər ağır xəstələrə köçürülür. Konvalesent plazma müalicəsi üçün istifadə edilən immun plazma Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Burada koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor olurlar. Belə donorlardan biri də həkim-revmatoloq İsmayıl Əliyevdir. O, infeksiyanın ölkəmizdə yayıldığı ilk aylarda koronaviruslu xəstələrə qulluq edib, lakin özü də bu virusa yoluxub.  Müalicə olunaraq sağalan həkim indi də plazma donoru olmaqla ağır xəstələrin sağalmasına yardım edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, müxtəlif pandemiya xəstəxanalarında müalicə alan 15 ağır xəstəyə 9 donordan alınan immun plazma ilə 21 dəfə Konvalesent plazma infuziyası aparılıb. Bu üsulla müalicə olunan 4 xəstədə müsbət dinamika, 3 xəstədə isə yaxşılaşma müşahidə edilir. Hematoloq Şəhla Şabanova CBC-yə müsahibəsində bildirib ki, immun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər.

Hematoloq deyir ki, hazırda Azərbaycanda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var və onlar üçün Konvalesent plazma müalicəsi çox effektivdir.

Şəhla Şabanovanın sözlərinə görə, reanimasiya şöbəsində yatan xəstələrin sayı hər gün artır. Onların aparatdan ayrılmaları üçün plazma üsulu ilə müalicəyə ehtiyac var. O, COVİD 19 infeksiyasından sağalan hər kəsi ağır xəstələrə yardım etməyə və donor olmağa çağırır.  Plazma verilməsi ilə donorun sağlamlığına heç bir zərər dəymir, amma bu plazma həyatla ölüm arasında çırpınan ağır xəstələrin həyatını xilas edə bilər.


Create Account



Log In Your Account