Nov 09 2017 20:31
Views: 1798

Prezident İlham Əliyev Azərbaycanda 2 milyard ton neft hasil edilməsini tarixi hadisə adlandırıb. Və neftçilərin Azərbaycanın ümumi inkişafında rolunu yüksək qiymətləndirib. Dövlət başçısı bildirib ki, 1994-cü il Azərbaycanın neft sənayesində dönüş nöqtəsi olub, “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti artıq həyatda özünü sübut edib və bu, bir yol açıb. İndi Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Azərbaycanın dünyadakı rolu, gücü artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır:
“Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir.
Prezident İlham Əliyev qeyd edib ki, zəngin neft yataqları olan bəzi ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayır. Neft o ölkələrə fəlakət gətirib. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili böyük rol oynayır. Prezident İlham Əliyev Azərbaycanı dövlətlə xarici sərmayədarların birlikdə iş qurmasının nümunəsi adlandırıb. Qeyd edib ki, Azərbaycan xarici tərəfdaşlarla, xüsusilə əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, qarşılıqlı inam, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurub. Xarici tərəfdaşlar, xüsusilə BP şirkəti Azərbaycanın inkişafında, Azərbaycanın iqtisadi potensialının güclənməsində böyük rol oynayıb. Dövlət başçısının sözlərinə görə, BP-SOCAR əməkdaşlığı bir çox ölkələr üçün nümunədir. Prezident İlham Əliyev SOCAR-ın artıq böyük beynəlxalq neft şirkətinə çevrildiyini deyib. Həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin geniş fəaliyyəti var:
“Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir. Bu, bizim iqtisadi gücümüzü artırır, bizə gələcəkdə yeni mənbələrdən böyük həcmdə valyuta axını da təmin ediləcəkdir. Mən hazırda ölkə daxilində icra edilən iki layihəni - SOCAR polimer və karbamid zavodlarının tikintisini qeyd etmək istərdim. Bu iki layihənin ölkəmizin qeyri-neft sektorunun inkişafında çox böyük əhəmiyyəti var. Hər iki layihə qrafik üzrə icra edilir və əminəm ki, gələn il istifadəyə veriləcək”.
Prezident İlham Əliyev bildirib ki, yeni layihələr üzərində işlər davam etdirilir. Cənub Qaz Dəhlizi uğurla icra edilir. Dünya miqyasında nəhəng layihəyə sərmayə qoyuluşu 40 milyard dollara bərabərdir və bütün işlər qrafik üzrə gedir. “Şahdəniz-2” və Cənubi Qafqaz kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilib. Bu il “Əsrin kontraktı”nın uzadılmasına diqqət çəkən dövlət başçısı bildirib ki, 2050-ci ilədək daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə bonus şəklində veriləcək. Payı 11 faizdən 25 faizə qaldırılan SOCAR operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq. Prezident İlham Əliyev qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” yatağı minimum 2050-ci ilədək işləyəcək. “Şahdəniz” yatağı isə, minimum 100 il bundan sonra fəaliyyət göstərəcək. Hazırda Abşeron yatağından yaxın gələcəkdə qaz hasilatı gözlənilir. “Ümid”, “Babək” yataqlarının da böyük perspektivləri var. Gələn ildən Dövlət Neft Şirkətinin bu yataqlarda fəal iş aparacağı gözlənilir. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın maliyyə vəziyyəti sabitdir.
Azərbaycanın iqtisadi uğurlarını Davos iqtisadi Forumunun da yüksək qiymətləndirdiyini deyən Prezident İlham Əliyev SOCAR-I ölkənin strateji aktivi və strateji sərvəti adlandırıb. Bildirib ki, qeyri-neft sektoru ölkədə prioritetdir. Amma ölkə iqtisadiyyatı, Azərbaycanın gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq. Dövlət başçısının sözlərinə görə, indi Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir. İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir.


Create Account



Log In Your Account