Sep 12 2019 19:44
Views: 199

Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli orta məktəbdə aparılan təmir-tikinti və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. 101 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. O zaman 400 şagird yerlik üçmərtəbəli korpus istifadəyə verilib. 1960-cı ildə isə 4 sinifdən ibarət yardımçı korpus tikilib. 2012-2013-cü illərdə 20 sinif otağından ibarət əlavə 400 yerlik bina istifadəyə verilib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayında təhsil ocağının 1937-ci ildə istifadəyə verilən binası sökülərək yerində 360 yerlik 15 sinif otağından ibarət əlavə korpusunun tikintisinə başlanıb. İnşaat işləri yüksək səviyyədə həyata keçirilib. Bundan sonra məktəbdə birnövbəli sistemdə 985 şagird təhsil alacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur.
Diqqətə çatdırılıb ki, məktəbdə 35 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.
Məlumat verilib ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2019-cu ilin statistikasına görə, məktəbi bitirən məzunların 80 faizi tələbə adını qazanıb. Məktəbin həyətində də geniş abadlıq və quruculuq işləri görülüb.


Create Account



Log In Your Account