Jan 11 2019 17:34
Views: 596

2018-ci ildə dünyada və bölgədə gedən proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib, il Azərbaycan üçün uğurlu olub. prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və bu il qarşıda duran vəzifələrə həsr olunan iclasında belə deyib. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü 5 illik proqamın başa çatdığını deyən dövlət başçısı bildirib ki, bu il dördüncü proqramı qəbul olunacaq. Ötən il bölgələrə 24 dəfə səfər etdiyini deyən prezident İlham Əliyev ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirib. Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında  imzalanan tərədaşlıq prioritetləri sənədinin əhəmiyyətini vurğlayıb, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik etdiyini deyib, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. 2018-ci ildə hərbi sahədə böyük naliyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.

2018-ci ildə Azərbaycanın üçüncü peyki orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt beynəlxalq ticarət limanı fəaliyyətə başlayıb. 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirib ki, ötən il ümumi daxili məhsulun artımı 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ediblər.

Yekun çıxışında 2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra ediləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd olunan sahələrdə şəffaflığın, dürüstluyun təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb. Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, yolların salınmasının, meliorativ tədbirlərin görülməsinin, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin həbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya-idman komplekslərinin, ASAN xidmət mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafına dair əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd edib.

Sonda Prezident İlham Əliyev 2019-cu ili 650 illiyi qeyd olunan böyük Azərbaycan şairi “İmadəddin Nəsimi ili” elan edib.


Create Account



Log In Your Account