Oct 12 2019 16:40
Views: 254

Türkmənistanın paytaxtı Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb. İclasın diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevin Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı söylədiyi fikirlər olub. 
Azərbaycan Prezidenti Ermənistanın əvvəlki hakimiyyətinin Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulmasına diqqət çəkib. Dövlət başçısı bildirib ki,  MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. Prezident tarixi sənədlər əsasında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanın  Böyük Vətən müharibəsi illərində Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb etdiyini, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak etdiyini diqqətə çatdırıb.
“Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib.”
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab verməyə uğursuz cəhd edib. Qaregin Njdenin Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə apardığını iddia edib. Paşinyan bildirb ki, Njde, 1918-ci ildə erməni-türk müharibəsi zamanı bir çox rusiyalı zabitlərlə birgə cəbhənin mühüm hissəsinə rəhbərlik edib. Onun sözlərinə görə,Bir çox sovet xadimləri Vladimir həbsxanasında ölüblər. Bu baxımdan 1937-1950-ci illərə qədər məhkum edilənlərin hamısının xalq düşmənləri hesab etmək olmaz. Prezident İlham Əliyev Nikol Paşinyanın çıxışında səslənən sözlərə faktlarla cavab verib.
“Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir”.
Paşinyanın iclasda iştirak edən dövlət başçılarına Azərbaycan prezidentinin hörmətsizlik göstərdiyi barədə fikirləri də cavabsız qalmayıb. ”Düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib”. Prezident İlham Əliyev belə deyib.
Məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.


Create Account



Log In Your Account