May 24 2019 16:44
Views: 667

Dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq və ölkəmizi mümkün risklərdən qorumaq bizim əsas vəzifəmizdir.  Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə təşkil etdiyi iftar mərasimində belə deyib. “Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub”, - deyən Prezident İlham Əliyev İslam dəyərlərini milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi kimi xarakterizə edib, Azərbaycanın İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya çatdırdığını və bu fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirib.

Dövlət başçısı Azərbaycanın bütün müsəlman ölkələri ilə sıx əlaqələr qurduğunu və beynəlxalq müstəvidə bir-birini daim dəstəklədiyini diqqətə çatdırıb, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”, - deyən dövlət başçısı Cocuq Mərcanlı kəndinin və orada Şuşa məscidinin bənzərinin inşa olunmasının xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirib.

Qeyd edib ki, Azərbaycanda tarixi, dini abidələr qorunur və son illərdə yüzlərlə məscid tikilib, təmir edilib. Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın uğurlu, dayanıqlı inkişafının bundan sonra da təmin olunacağını, ölkə qarşısında duran vəzifələrin icra ediləcəyini bildirib. İftar mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər dini icmaların liderləri çıxış ediblər.


Create Account



Log In Your Account