Jan 28 2019 19:26
Views: 435

Vaxtilə köhnə məzənnə ilə müavinət almış şəhid ailələrinə yenidən birdəflik ödəmə veriləcək. Bunu şəhid ailələri ilə görüşdə prezident İlham Əliyev deyib. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını və bu Fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib. Dövlət başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim edib.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Dövlət başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını deyib, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirib.
 “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”,- deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür edib, xalqımızın şəhidlərlə fəxr etdiyini bildirib.
Qeyd edək ki, dövlət başçısının fərmanına əsasən əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni Fərmanla birdəfəlik ödəmələr artıq 12 min 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır. Xatırladaq ki, indiyədək  3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.


Create Account



Log In Your Account