Jul 02 2020 18:25
Views: 380

“Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”. Prezident İlham Əliyev 2 İyul Azərbaycan Polisinin peşə bayramı münasibətilə “Facebook” səhifəsində bu mesajı paylaşıb. Birinci vitse-prezident Mehriban Əliyeva da “İnstagram” səhifəsində polisləri təbrik edib. “Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! “ – deyə birinci vitse-prezident qeyd edib.

Xatırladaq ki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanları 2 iyulda təsis edilib. Milli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı Fərmanla hər il 2 iyul polis günü kimi qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illərdə qısa müddətlik fəaliyyəti dövründə böyük vətənpərvərlik nümayiş etdirib. Milli maraqların müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində milis adlandırılan asayiş keşikçilərimiz yenə də vətəndaşların təhlükəsizliyinin qorunmasında böyük işlər görüb, zəngin təcrübə qazanıb.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda ilk olaraq buna qarşı mübarizə aparan da milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1 695 polis əməkdaşı və hərbi qulluqçu şəhid olub, 1 710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1 143 nəfər orden və medallara layiq görülüb.

Azərbaycan polisi bu gün güclü maddi texniki bazası və peşəkar kadrları ilə vətəndaşların təhlükəsizliyinin keşiyindədir. Daxili işlər naziri Vilayət Eyvazov bildirib ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə, asayişin və əmin-amanlığın qorunması sahəsində öncül dövlətlər sırasında yer alır.

Son aylarda Azərbaycan polisi həm də insanların sağlamlığının qorunmasında böyük işlər görür. Bütün dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq, insanların qaydalara əməl etməsinə nəzarət etmək üçün polis və daxili qoşunların əməkdaşları fasiləsiz şəkildə çalışır. Azərbaycan polisinin bu xidmətlərini Prezident İlham Əliyev də yüksək qiymətləndirib.

 


Create Account



Log In Your Account