Jun 03 2020 18:16
Views: 347

Prezident İlham Əliyev pandemiya ilə əlaqədar sahibkarlara dəstək məqsədilə Vergi Məcəlləsinə edilən dəyişiklikləri təsdiq edib. beləliklə, pandemiya nəticəsində zərər görən sahibkarların vergi yükü azaldılıb. Dəyişikliklərə görə, Azərbaycanda koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar müəyyən edilib. Bu müddəalar yalnız 2020-ci il ərzində tətbiq edilir. Yeni müddəalar bu vergi ödəyicilərinə şamil olunacaq:

- avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

- yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

- turoperator və turagent fəaliyyəti;

- sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

- ictimai iaşə fəaliyyəti;

- sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

- idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

- hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;

- koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri

Eyni zamanda bu vergi ödəyicilərinə möhlət də verilib. Belə ki, zərərçəkən və mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri hesablanmış vergini bu il sentyabrın 1-nə qədər ödəyə bilərlər. mikro sahibkarlıq subyektlərinə də vaxt verilib.

Bundan başqa sahibkarların pandemiya zamanı dezinfeksiya işlərinə çəkdiyi xərclər vergi hesablanarkən onların gəlirindən çıxılacaq. Sosial sığorta haqqında qanuna edilən dəyişikliklərin də əsas məqsədi zərər çəkmiş sahibkarların yükünü azaltmaqdır.

Sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyiciləri artıq vahid  qəbzlə həm vergi, həm də sosial sığorta öhdəliklərini yerinə yetirmiş olacaqlar.

 


Create Account



Log In Your Account