Oct 15 2019 20:22
Views: 488

Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını coğrafi baxımdan parçalayıb. Amma Naxçıvanda qəbul edilmiş qərarlar və görülən işlərlə biz türk dünyasının birliyini daha da möhkəmləndirdik. Prezident İlham Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü zamanı belə deyib. Builki toplantının Şuranın təsis edilməsi barədə Naxçıvan sazişinin 10 illiyinə təsadüf etdiyini diqqətə çatdıran dövlət başçısı deyib ki, türk dövlətlərinin birliyi və qardaşlığı davam etdirilir.
Prezident qeyd edib ki, TÜRKSOY, Türk Akademiyası kimi təşkilatlar zəngin mədəni irsimizin tədqiqində və mənəvi dəyərlərimizin təbliğində önəmli rol oynayır. Türk Şurasının bu dəfəki zirvə görüşünün kiçik və orta biznes sahəsində əməkdaşlığa həsr olunduğunu bildirən prezident İlham Əliyev bu mövzunun çox aktual olduğunu deyib. 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Qədim İpək Yolunun üzərində yerləşən ölkə kimi Azərbaycanın əlverişli nəqliyyat-logistika mövqeyinə malik olduğunu qeyd edən prezident İlham Əliyev ölkədə bunun üçün lazımı infrastruktur yaradıldığını diqqətə çatdırıb. Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulduğunu xatırladıb.
Ölkələr arasında təhlükəsizlik sahəsində də əməkdaşlığın gücləndiyini deyən prezident ötən ay Türkdilli ölkələrin xüsusi xidmət orqanları rəhbərlərinin toplantısının Bakıda keçirildiyini xatırladıb. Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Ermənistan rəhbərliyinin destruktiv mövqeyi nəticəsində münaqişənin həlli ilə bağlı irəliləyiş olmadığını qeyd edib.
Prezident İlham Əliyev Türk Şurasının sədri kimi Azərbaycanın bundan sonra da ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişafı üçün səylərini davam etdirəcəyini bəyan edib.


Create Account



Log In Your Account