Apr 03 2019 18:41
Views: 390

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub. Dövlət başçısı Bakı Dəmir Yolu Vağzalında əvvəlcə Qəbələ dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxıb. Sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı haqda prezidentə məlumat veirlib

Bu qatar Türkiyə və Gürcüstandan keçməklə martın 29-da Bakıya çatıb. Amma bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb.

Bu qatar 10 vaqondan ibarətdir və “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkətində istehsal olunub. Qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib.

Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir.

Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində ən böyük regional layihələrdən olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabrında Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən mərasimlə istifadəyə verilib. Asiya ilə Avropanı birləşdirən və Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilib. Qonşu Türkiyə və Gürcüstanla sıx əməkdaşlığın nəticəsi olan Bakı-Tbilisi-Qars layihəsi bu ölkələr arasındakı strateji əlaqələrin təzahürüdür. Bu yolla artıq yüklərin daşınması uğurla həyata keçirilir. Bununla da çox mühüm transmilli neft-qaz kəmərlərinə malik Azərbaycan bu strateji layihənin reallaşması ilə özünün nəinki regionda, bütünlükdə Avrasiya qitəsindəki əhəmiyyətini artırıb.


Create Account



Log In Your Account