Feb 13 2019 14:22
Views: 429

Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Prezident İlham Əliyev Real Tv-yə müsahibəsində belə deyib. Bildirib ki, dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr, qərarlar qəbul edib.

Dövlət başçısı bildirib ki, eyni zamanda, Azərbaycan güclü iqtisadi potensial, güclü ordu da yaradıb. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Azərbaycanın döyüş qabiliyyəti, imkanları artır. Aprel qələbəsini, uğurlu Naxçıvan əməliyyatını xatırladan prezident İlham Əliyev qeyd edib ki, bütün bunlar Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağını bir daha göstərib. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların gedişi barədə də məlumat verib.

Digər tərəfdən, bu gün dünyada güc amilinin ön plana çıxdığını bildirən prezident İlham Əliyev Azərbaycanın dünyanın yeni reallığına hazır olduğunu, ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə ediləcəyini deyib.

Azərbaycanın xarici siyasətinin milli maraqlar üzərində qurulduğunu deyən prezident İlham Əliyev Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə münasibətlərin yüksək səviyyədə olduğunu, Azərbaycanın regional və beynəlxalq platformalarda uğurla əməkdaşlıq etdiyini bildirib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçildiyini xatırladan dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatı kimi mötəbər təşkilata sədrlik edəcəyini diqqətə çatdırıb. Bütün bunların Azərbaycanın xarici siyasətinin uğuru olduğunu bildirib.

 


Create Account



Log In Your Account