May 07 2019 18:12
Views: 434

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanılıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar. 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub.

Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Xəstəxananın kollektivi ilə görüşən Prezident İlham Əliyev bildirib ki, son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər. Dövlət başçısı və birinci xanım XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxıblar. “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır.

Dövlət başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Prezident İlham Əliyev bildirib ki, qarşıya ölkənin bütün bölgələrində müasir xalça fabriklərinin yaradılması məqsədi qoyulub. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Növbəti bir-iki il ərzində qalan fabriklər də istifadəyə veriləcək.

Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Qobustan-Poladlı avtomobil yolunun açılışında da iştirak ediblər. 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2018-ci ildə imzaladığı Sərəncama əsasən 6,4 milyon manat vəsait ayrılıb. Qobustan-Poladlı yolu bu bölgədə yaşayan insanların Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaradıb.

 


Create Account



Log In Your Account