Mar 11 2019 18:26
Views: 292

Problemli kreditlərin həlli ilə bağlı fərmanın əhatə dairəsinə düşən bütün vətəndaşların siyahısı  Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet saytında yerləşdiriləcək. Bu haqda palatanın nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov CBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, artıq qurumun saytında güzəşt məbləğini hesablamaq üçün yerləşdirilən kalkulyatordan istifadə edənlərin sayı kifayət qədərdir. Portalda problemli kreditlərlə bağlı hazırlanmalı olan qaydalar və mexanizmin də yerləşdirilməsi nəzərdə tutulur.

Hazırda palatada siyahıların dəqiqləşdirilməsi üzərində iş aparılır. Yaxın perspektivdə əsas hədəf qaydaların hazırlanmasıdır ki, fərmanla verilmiş tapşırığa əsasən 15 gün müddətində bu işin yekunlaşması nəzərdə tutulub. Sonrakı mərhələdə bankların palata ilə birgə hazırlayacağı siyahıların elektron resurslarda yerləşdirilməsi planlaşdırılır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də  problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədi ilə yeni elektron resurs hazırlayıb. İqtisadiislahat.org saytında artıq prezidentin imzaladığı fərman tam yerləşdirilib. İkinci bölümdə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan Kalkulyator yer alıb. Kalkulyatorda əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür. Yeni elektron resursun digər bölümü Fərmanın vizual izahını təqdim edir. Bu bölümdə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə Fərmanın əsas məqamlarını vizual olaraq izah edən inoqrafika və videoçarxlar yerləşdirlib.


Create Account



Log In Your Account