Oct 04 2019 16:48
Views: 228

Dağlıq Qarabağın kimə məxsus olması müzakirə mövzusu ola bilməz. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik iclasının plenar sessiyasında çıxışı zamanı bunu bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Ermənistana məxsus olması barədə təxribatçı fikirlərinə toxunan dövlət başçısı bildirib ki, Qarabağ tarixi Azərbaycan torpağıdır.
“Həmçinin mən  Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu, yalnız Azərbaycanda təəccüb doğurmadı, Rusiya tərəfdən də ona “Valday” forumu çərçivəsində müvafiq reaksiya verildi. Həmin bəyanat demək olar ki, sözbəsöz belə idi: “Qarabağ – Ermənstanın hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək bu, yalandır. Qarabağı bütün dünya Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan özü bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bir sözlə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Dövlət başçısı bildirib ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilib. Münaqişəyə qədər burda Azərbaycanlı və erməni əhalinin birgə yaşadığını xatırladan prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağ və 7 ətraf rayondan azərbaycanlılar qovulub, etnik təmizləməyə məruz qalıb.  Dövlət başçısı Ermənistan baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ xalqı” haqqında dediklərinin məntiqsiz olduğunu qeyd edib.
“Son vaxtlar Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqı üçün qəbuledilən olmalıdır. Deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Münaqişəyə qədər bərabər hüquqa malik azərbaycanlı və erməni əhalidən ibarət olan Dağlıq Qarabağ əhalisi var. Azərbaycan üçün qəbuledilən həll məsələsinə gəlincə, bu Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpasıdır, qaçqın və məcbur köçkünlərin öz əzəli torpaqlarına, o cümlədən Dağlıq Qarabağ qayıtmasıdır. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”.
Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü bu gün də davam edir. Ermənilərin mülki şəxsləri hədəf aldığını deyən prezident İlham Əliyev bu günlərdə Qazax istiqamətində baş verən hadisəni  xatırladıb.
Prezident İlham Əliyev Ermənistanın təcavüzünə baxmayaraq Azərbaycanın sürətlə inkişaf etdiyini deyib, əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib. Rusiyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu qeyd edən dövlət başçısı tərəflər arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Bildirib ki, təkcə Rusiya hərbi texnikasının alınması barədə əldə olunmuş razılaşmaların həcmi 5 milyard dollar təşkil edir. Buna baxmayaraq, bu əməkdaşlığı davam etdirmək qərara alınıb.


Create Account



Log In Your Account