Oct 25 2018 15:57
Views: 472

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları start götürəcək. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Ukraynanın “Vorskla” klubunu qəbul edəcək. Bu görüşə qədər hər iki klub keçirdiyi görüşlərdə məğlub olub. Ona görə komandalar bugünkü matçda ilk xalını və ya xallarını qazanmağa çalışacaq. “Qarabağ”ın heyətində Dani Kintana və Rəşad Sadıqov zədə səbəbindən görüşü buraxmalı olacaq. Geryenin meydana çıxıb-çıxmayacağı isə oyun saatında bəlli olacaq. 
Qarşılaşmadan öncə hər iki klubun baş məşqçisi matçla bağlı fikirlərini bölüşüb.
“Qarabağ” Klubunun Baş Məşqçisi Qurban Qurbanov deyir ki, hər iki komandanın xalı olmadığından, hər tərəf matça ciddi hazırlaşıb: «Düşünürəm ki, hamımız üçün maraqlı görüş olacaq. Başa düşürük ki, ciddi qrupda mübarizə aparırıq. Komandada böyük məsuliyyət var və bu, bizə kömək ola bilər. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”.
“Vorskla” klubunun baş məşqçisi Vasili Saçko Bakıda onları maraqlı oyun gözlədiyindən əmin olduğunu deyir: “Hər iki komanda ilk iki turda qələbə qazanmadığı üçün itirəcəyi heç nə yoxdur. Təbii ki, qələbə qazanmaq istəyirik. Püşkdən sonra bilirdik ki, çətin qrupa düşmüşük. Rəqibi geniş analiz etmişik ki, oyuna yaxşı hazırlaşa bilək. Bakıya istirahət üçün gəlməmişik. “Sportinq”lə oyunda təcrübəsizlik və ehtiyat qüvvənin çatışmazlığı ucbatından xallar itirdik”.
Olimpiya stadionunda baş tutacaq “Qarabağ” - “Vorskla” görüşü Bakı vaxtı ilə saat 21:00- da start götürəcək.  Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.


Create Account



Log In Your Account