Jan 18 2021 18:59
Views: 207

Erməni işğalından azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialı ölkənin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İşğaldan əvvəlki dövrdə taxıl, pambıq, üzüm, ət və süd, yun və barama istehsalının çox hissəsi Qarabağ ərazisinin payına düşüb. Artıq bu torpaqlarda kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə başlanılıb. Xüsusən də, Qarabağ bölgəsində barama istehsalı üçün böyük potensial var. Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Elm və İnnovasiya Mərkəzi”nin direktoru İmran Cümşüdovun CBC-yə bildirdiyinə görə, indi ölkənin 40 rayonunda barama istehsalı həyata keçirilir. İmran Cümşüdov deyir ki, Azərbaycan barama istehsalına görə keçmiş Sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu. Son illərdə də ölkədə bu sahə inkişaf etdirilir. Ötən təsərrüfat ilində 20 min qutu tut ipəkqurdu toxumu inkubasiyaya qoyulub və 40 rayona paylanıb. 446,7 ton yaş barama istehsal olunaraq emal müəssisəsinə təhvil verilib. Bu sahənin inkişafı üçün “Azərbaycan Baramaçılar Assosiasiyası” da yaradılıb. Qeyd edək ki, Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. Dövlət subsidiya mexanizmləri vasitəsilə proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək göstərir.


Create Account



Log In Your Account