Sep 17 2019 19:18
Views: 610

Bu gündən SOCAR, BP və BMT-nin İnkişaf Proqramının yeni birgə layihəsinə start verilir.  Layihəyə əsasən, uzun illərdir sənaye zonası olan, neft sənaye mərkəzi kimi formalaşmış ərazinin ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakının Qaradağ rayonunda 25 hektar ərazidə yeni meşə massivi salınacaq. Bu barədə SOCAR-ın Tullantıların İdarə Edilməsi Mərkəzində keçirilən tədbirdə məlumat verilib. Tədbir iştirakçıları ilk olaraq ərazidə yerləşən Tulantıların İdarə Edilməsi  Mərkəzinin işi ilə tanış olublar.

Mərkəz barədə qonaqlara ətraflı məlumat verən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti xanım Rəfiqə Hüseynzadə qeyd edib ki, Tullantıların İdarə Edilməsi Mərkəzi MDB və Xəzər regionunda neft sənayesində formalaşan istehsalat tullantılarının emalı və idarə edilməsi üzrə ilk və yeganə mərkəzdir.

Qeyd olunub ki, 2016-cı ildə Tullantıların İdarə Edilməsi Mərkəzi yenidən qurulduqdan sonra burada qazma şlamlarının emalına başlanılıb. İndi 150 nəfər əməkdaşı olan mərkəzin illik istehsalat gücü 100 min tondur. Emaldan sonra qazma şlamının tərkibində olan qiymətli kimyəvi reagent yüksək keyfiyyətdə bərpa olunaraq təkrar qazma prosesində istifadə edilir. Həmçinin, ərazidə quraşdırılmış su təmizləyici qurğular vasitəsi ilə mərkəzdə formalaşan istehsalat suları texniki su səviyyəsinədək təmizlənərək salınacaq yaşıllıqların suvarılmasında istifadə olunacaq. Qonaqlara yeni meşə massivinin layihəsi haqqında məlumat verilib.  

Sonda ərazidə tədbir iştirakçılarının tərəfindən 400 eldar şamı əkilib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT İnkişaf Proqramının Azərbaycan ofisinin rəhbəri  Alessandro Frakassetti və digər qonaqlar ərazidəki torpaqları belləyib, ağacları əkiblər. Ağacların dibləri boşaldılıb və sulanıb. Ümumilikdə  SOCAR, BP və BMT İnkişad Proqramının dəstəyi ilə Tullantıların İdarə Edilməsi Mərkəzinin ətrafında 30 min ağac və kol bitkilərinin əkilməsi nəzərdə tutulur. Bundan əlavə, ərazidə külək generatorları və günəş batareyalarının sayı artırılacaq. Alınan elektrik enerjisi ofislərin işıqlandırılmasına sərf olunacaq.

 


Create Account



Log In Your Account