Jul 02 2020 18:00
Views: 269

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr 2 dəfə artırılıb. Belə ki, qaydaları pozan fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Eyni zamanda, bu xətanın 1 il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Həmçinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləği artırılıb. Fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Daxili işlər naziri Vilayət Eyvazov vətəndaşları karantin qaydalarına əməl etməyə çağırıb. Bildirib ki, əhali ümumilikdə qaydalara əməl etsə də, səhlənkarlıq, məsuliyyətsizlik hallarına da rast gəlinir.

Nazir bu məsələdə ictimai nəzarətin önəmini vurğulayıb. Həmçinin sosial şəbəkələrdə və digər mesajlaşma tətbiqlərində insanlar arasında xof yaradan şayiələri yayanlara xəbərdarlıq edib. Deyib ki, daxili işlər orqanları bu kimi halları müəyyən edən müasir texnikaya malikdir və bu faktlar dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür.

 


Create Account



Log In Your Account