Aug 30 2019 18:08
Views: 572

 

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2019-cu ilin 29 avqust tarixində saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Ekspertlər belə hesab edirlər ki, təxribatın məqsədi həm Ermənistan daxilindəki böhranlı siyasi durumu ikinci plana keçirmək, həm də erməni silahlı qüvvələrindəki hərc-mərclik və etirazlardan diqqəti yayındırmaqdır. Hərbi ekspert Şair Ramaldanov xatırladır ki, bu yaxınlarda Azərbaycan ordusu Qazax istiqamətində sərhəd xidmətinə aid bölmələrdə müəyyən işlər aparıb və müəyyən qədər irəliləyib.

Politoloq Elxan Ələsgərov da hesab edir ki, sərhəd bölgəsində qarşı tərəfin təxribatını Azərbaycanın sərhəddə nəzarəti tam ələ alması, mövqelərimizi gücləndirməsi ilə bağlıdır.

Hərbçi ekspert Rəşad Süleymanov hesab edir ki, təxribatlar həm Qazax istiqamətində Azərbaycanın əldə etdiyi nailiyyət, həm də Ermənistanın daxilində baş verən siyasi proseslərlə bağlıdır.


Create Account



Log In Your Account