May 23 2018 14:04
Views: 562

“Qızıl adam” Qazaxıstanın İssıq kurqanında aşkarlanan ən qiymətli arxeoloji tapıntıdır. Almatı şəhərindən 50 km şərqdə qazıntılar zamanı tapılan bu nadir sənət əsəri eradan əvvəl IV-III əsrdə, Böyük Çöldə skif-sak mədəniyyətinin mövcud olduğunu sübut edir.  1969-cu ildə Qazaxıstanın tanınmış arxeoloqu Kamal Akişevin  aşkarladığı Qazax Tutanxamonu da adlandırlan “Qızıl adam”ın– tayfa başçısının əynində və baş örtüyündə olan bəzəklər olduğu kimi qalıb.  Bütün dünyada Misir Fironu Tutanxamonun sərdabəsindən sonra bu məqbərə ən çox qızıl məmulatın tapıldığı dəfn yeri hesab edilir. Qazaxıstan Milli Muzeyinin “Qızıl adamın dünya muzeylərinə səyahəti” layihəsi çərçivəsində  tapıntı Bakıya gətirilib. Azərbaycan Tarix Muzeyində “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” adı altında açılan sərginin baş eksponatı da məhz odur.
Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı bildirib ki, sərgi  100 yaşını qeyd etməyə hazırlaşan muzeyin həyatında əlamətdar hadisədir. Eyni zamanda  Azərbaycan və Qazaxıstan  arasında elmi, mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir. . Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, “Qızıl adam” bütün türk xalqlarının birgə sərvətidir. Sərginin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ərəfəsində açılması xüsusilə əlamətdardır. Tədbirdə qeyd olunub ki, Azərbaycan və Qazaxıstanı ortaq tarix və mədəniyyət birləşdirir. Bu sərgi türk xalqlarının ortaq mədəniyyətinin tarixinin öyrənilməsi baxımından da əhəmiyyətlidir.
Açılış mərasimində çıxış edən Qazaxıstanın Azərbaycancakı səfiri Beybit İsabayev sərginin iki ölkə arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfədən danışıb. Bildirib ki,  Qızıl adam müasir Qazaxıstanın müstəqilliyinin rəmzidir.
Sərgidə ilk dəfə Azərbaycana gətirilmiş Qazaxıstan zərgərlik sənətinin 140-dək nümunəsi, o cümlədən gümüş qadın bəzəkləri kolleksiyası təqdim olunur. Ümumilikdə sərgidə 238 eksponat nümayiş olunur. Sərgi iyulun 1-dək davam edəcək.


Create Account



Log In Your Account