Sep 17 2019 17:26
Views: 264

Qəbələ rayonunun Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolları IV texniki dərəcəlidir. Yollar uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçib, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlib. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olub.

Bütün bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolda  işlər aparıb. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların hazırda hərəkət hissələrinin eni genişləndirildikdən sonra 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.Yenidənqurma işləri çərçivəsində yollarda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol asfaltlanıb. Həmçinin Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilib.

Görülən işlər nəticəsində respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla 19 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gəlib. Bununla da yol boyu yaşayan 18 mindən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olub, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşıb. Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olur.


Create Account



Log In Your Account