May 16 2019 19:03
Views: 194

25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində Qida Təhlükəsizliyi Agentliyi təmsil olunur.  Həm sərgi salonunda, həm də açıq meydançada qida təhlükəsizliyi ilə bağlı stendlər qurulub.  Agentlik sərgi zalındakı stendində beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyanın bir hissəsini nümayiş etdirir. Burada saxta və sağlam balın, toksik təsiri olan fındığın, uşaq qidalarının, şərabın, südün ekspertizası həyata keçirilir.

Açıq havada isə agentliyin nəzdində fəaliyyət göstərən institutun 3-cü  biotəhlükəsizlik səviyyəli səyyar səhra laboratoriyası qurulub.  Laboratoriyada 3-cü risk qrupuna daxil olan hallarda insanlarda və heyvanlarda ciddi xəstəliklərin yaranmasına səbəb olan patogenlərin müayinəsi həyata keçirilir. Çöl şəraiti üçün nəzərdə tutulan laboratoriyada donuz qripi, quş qripi, qara yara və digər xəstəliklərin müayinəsi aparılır. Bu, Cənubi Qafqazda ilk belə laboratoriyadır.

Qida sənayesi sərgisində 19 ölkədən 189 şirkət iştirak edir. Azərbaycan və bir sıra xarici şirkətlərin təmsilçiləri qənnadı məhsulları, ət və süd məhsulları, çay, qəhvə, eləcə də meyvə-tərəvəzlər üçün avadanlıqlar, metal konstruksiyalar, markalama avadanlıqları kimi məhsul və xidmətlərin geniş çeşidini nümayiş etdirir. İştirakçılar arasında bu il İtaliya, Türkiyə və Şri-Lanka da milli stendlərlə çıxış edir.

“Made in Azerbaijan” brendi altında sərgidə geniş çeşiddə qida məhsulları, çay, bal və şirələr, qida sənayesi texnologiyaları təqdim edilir. Sərgi eyni zamanda işgüzar əlaqələrin gücləndirilməsi, biznesin inkişafı üçün yeni imkanlar açır.

Qeyd edək ki, sərgi mayın 17-də yekunlaşacaq.


Create Account



Log In Your Account