Mar 14 2018 19:16
Views: 247

Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Sənədə əsasən, tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ictimaiyyətlə əlaqələrin qurulması, müxtəlif layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün birgə fəaliyyətin təşkili üzrə razılığa gəliblər. Agentliyin sədri Qoşqar Təhməzlinin sözlərinə görə, əməkdaşlığın əsas məqsədi qida təhlükəsizliyi zəncirində iştirak edən subyektlərin hər birinin, həmçinin ictimaiyyətin qida təhlükəsizliyi haqqında məlumatlandırılmasıdır.

Agentlik sədrinin sözlərinə görə, qida təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramı hazırlanır. Layihədə qida zəncirinin bütün mərhələlərində iştirak edəcək subyektlərin həmin qidanın təhlükəszliyini qoruması üçün keçəcəyi yol əksini tapıb.

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin loqosu da ictimaiyyətə təqdim olundu. Loqoda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi olan sünbülün elementlərindən istifadə olunub. Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bildirdi ki, vətəndaşların qida məhsullarını daha şüurlu şəkildə istifadəsi baxımından qurumların birgə fəaliyyəti faydalı olacaq.

Mətbuat konfransında qeyd olundu ki, bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyinin nəzdində Qida Təhlükəsizliyi İnstitutu da fəaliyyətə başlayacaq. Burada risklərin qiymətləndirilməsi, təhlili və idarə edilməsi, həmçinin qida məhsullarının ekspertizasının keçirilməsi, genetik modifikasiya ilə əlaqədar məsələlərin öz həllini tapması, həmçinin digər məqamlara aydınlıq gətiriləcək.


Create Account



Log In Your Account