Feb 08 2018 16:36
Views: 1374

Sabah Cənubi Koreyanın Pxençxan şəhərində 23-cü Qış Olimpiya Oyunları start götürəcək.  “Ağ Olimpiada”da 102 dəst medal uğrunda 92 ölkədən 2902 idmançı mübarizə aparacaq. Oyunlarda rekord sayda atletlə Amerika Birləşmiş Ştatları təmsil olunur. Bu ölkədən Pxençxan-2018-ə 242 idmançı yollanıb. Bu siyahıda 226 atletlə Kanada ikinci, 169 atletlə İsveçrə  üçüncüdü. Azərbaycan da daxil olmaqla  17 ölkə Olimpiadada cəmi 1 idmançı ilə qüvvəsini sınayacaq.  Bu ilki yarış 6 yeni ölkənin debütü ilə əlamətdar olacaq. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə “Ağ Olimpiada”da iştirak edəcək.  Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bu göstəricini rekord kimi dəyərləndirib. Onun sözlərinə görə, birdən-birə 6 debütantın olması Pxençxan-2018-in ilk rekordudur.  Bununla yanaşı, Cənubi Koreyadakı Oyunlar idmançı sayı baxımından da tarixə düşəcək. Asiya ölkəsi 2902 idmançını qəbul edəcək ki, bu da “Ağ Olimpiadalar” üçün görünməmiş rəqəmdi. 
Azərbaycanı Pxençxan-2018-də 26 yaşlı avstriyalı idmançı Patrik Braxner təmsil edəcək. O, slalom və nəhəng slalom yarışlarında start xəttinə çıxacaq.  Atlet  Soçi 2014-də də Azərbaycan heyətinin tərkibində çıxış edib. 
Azərbaycan nümayəndə heyəti artıq Pxençxana Yola düşüb. Nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edir.  Artıq Olimpiya kəndində bayrağımızın qaldırılma mərasimi keçirilib də keçirilib. Qeyd edək ki, Azərbaycan Qış Olimpiya Oyunlarına 1998-ci ildən qatılır. Bayrağımız ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində dalğalanıb. Bu il Azərbaycan yığması ardıcıl 6-cı dəfə Ağ Olimpiadada mübarizə aparacaq.


Create Account



Log In Your Account