Feb 09 2018 18:33
Views: 1155

Cənubi Koreyanın Pxençxan şəhərində 23-cü Qış Olimpiya Oyunlarının Açılış mərasimi keçirilib. Olimpiya Stadionunda baş tutan tədbir atəşfəşanlıqla başlayıb, daha sonra yarışların talismanı olan Ağ Pələngin stadiona daxil olması ilə rəsmi açılışa start verilib. Qış Olimpiya oyunlarında bu il ümumilikdə rekord sayda - 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. Onlar 7 növ və 15 istiqamət üzrə 102 dəst medal uğrunda mübarizə aparacaqlar.
Oyunlarda Azərbaycanın nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edir. Bundan başqa gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və bir neçə rəsmi şəxs də Pxençxana yollanıb. Açılış mərasimində ölkəmizin bayrağını Azərbaycanın yarışlarda yeganə təmsilçisi olan Patrik Braxner aparıb. O, dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarında mübarizə aparacaq. Pxençxan Qış Olimpiya Oyunlarında bir neçə maraqlı məqam var. belə ki, qış idman növlərində bütün yarışların əsas favoriti olan Rusiya öz bayrağı altında çıxış edə bilmir. Dopinq qalmaqalına görə bu ölkədən olan 168 idmançı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında mübarizə aparacaq.
Bundan başqa Olimpiada Şimali və Cənubi Koreya arasında barışıq istiqamətində də mühüm hadisə kimi tarixə yazıla bilər. İki ölkə arasında uzun sürən gərginlikdən sonra ilk dəfə bu yarışlarda Şimali və Cənubi Koreya idmançıları ortaq komanda şəklində çıxış edəcəklər. Dünya miqyaslı tədbirdə iştirak üçün Şimali Koreya lideri Kim Çen İnin bacısı, eyni zamanda parlamentin sədri olan Kim Yon Nam Cənubi Koreyaya səfər edib. Bu, 1950-ci ildən bəri Şimaldakı hakim ailənin üzvünün Cənuba ilk səfəridir.
Ümumilikdə oyunlara ən geniş heyətlə ABŞ gəlib – 242 idmançı. Kanada ikinci (226), İsveçrə üçüncüdür (169). Pxençxanda 6 ölkə Qış Olimpiya Oyunlarlnda debüt edəcək. Bunlar Kosovo, Ekvador, Nigeriya, Eritreya, Malayziya və Sinqapurdur. 23-cü Qış Olimpiya Oyunlarının Bağlanış mərasimi fevralın 25-də keçiriləcək.


Create Account



Log In Your Account