Apr 23 2019 18:52
Views: 462

“Azərbaycanın sağlamlıq turizmi ilə bağlı böyük imkanları və tarixi var. Bu da sağlamlıq turizminin inkişafına və ölkəmizə bu məqsədlə daha çox turistin gəlməsinə şərait yaradır”. Bu fikirlər 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasında səsləndirildi. Bildirildi ki, Azərbaycan dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir.

Qeyd edildi ki, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2,9 milyon turist gəlib. Bu isə əvvəlki illə müqayisədə 5,7 faiz çoxdur. Aparılan hesablamalara görə, xarici qonaqlar burada 2 milyard dollar pul xərcləyiblər. Azərbaycanın gəzməli-görməli yerləri ilə yanaşı, sağlamlıq turizmi də turistlərin maraq dairəsindədir.

“Qlobal sağlamlıq hamı üçündür” devizi altında keçirilən forumun qurucu prezidenti Emin Çakmak sağlamlıq sənayesinin dövriyyəsinin 650 milyard dollara çatdığını dedi. Onun sözlərinə görə, sağlamlıq turizminin 8 seqmenti var. Bu gün keçirilən forum yeni istiqamətlərin axtarışlarına çıxacaq. Türkiyəni təmsil edən turizm mütəxəssisləri Azərbaycanın çox fundamental sağlamlıq turizm sənayesinin olduğunu qeyd etdilər.

Forumda 58 üzv dövlət təmsil olunub. 5-ci Assambleyada quruma yeni sədr seçilməsi və sonda Bakı deklarasiyasının qəbul olunması nəzərdə tutulur. Daha sonra ölkəyə gələn qonaqların Naftalan, Qalaaltı, Duzdağ və İstisu müalicəvi-sağlamlıq mərkəzlərinə səfəri təşkil ediləcək.


Create Account



Log In Your Account