Oct 30 2019 14:27
Views: 116

İçərişəhərin simvollarından biri olan və Azərbaycan tarixi üçün böyük dəyərə malik Qoşa Qala qapılarında bərpa-konservasiya işləri uğurla başa çatdırılıb. Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının içəri hissəsindən başlayıb, daha sonra isə qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə çöldən bərpa edilib.

Bərpa və konservasiya işlərini 10 ildir Azərbaycanın tarixi abidələrinin restavrasiyası ilə məşğul olan avstriyalı bərpaçı Erik Pumerin komandası həyata keçirib. Bərpa işləri burada ötən ilin avqustunda başlayıb. Erik Pumer prosesin məsuliyyətli və çətin olduğunu deyir.

Bərpaçı deyir ki, qədim abidələrin bərpası zamanı tarixi və yerli materiallardan - əsasən əhəng, onun əsasında müxtəlif məhlullar və yerli karxanalardan alınan əhəng daşından istifadə olunur. Müasir materiallardan isə yalnız bərkitmə lazım olduğu zaman istifadə edilir.

Qoşa Qala qapılarının tarixi XII əsrə söykənir. Qala divarlarının bütövlükdə bərpası sonuncu dəfə 1952-1957-ci illərdə həyata keçirilib. Yarım əsrdən çox müddətdən sonra 2019-cu ilin ortasında Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başlayıb. Həm İçəri Şəhər, həm də Bayır şəhər tərəfdən abidə bərpa-konservasiya edilib.

Bu günə kimi Erik Pumerin komandası Azərbaycanda bir sıra abidələri bərpa edib. Onlar arasında XI əsrə aid qədim  Məhəmməd Məscidi də var. Bu şirkət 2011-2013-cü illərdə Qız Qalasının bərpasını da həyata keçirib. Eyni zamanda Bəylər Məscidi, Cümə Məscidinin minarəsi bərpa olunub və XVII əsrə aid yeraltı hamam restavrasiya olunub.


Create Account



Log In Your Account