Jun 06 2018 18:37
Views: 411

Ermənistanda baş verən inqlabdan sonra işğal altında olan Dağlıq Qarabağda separatçı rejimin əhalisi də ələ düşən imkandan yararlanaraq  yerli hakimiyyətə qarşı ilk dəfə açıq şəkildə etirazını bildirib. Əhali bölgədəki sosial-iqtisadi vəziyyətin ağırlığını, Qarabağ klanının özbaşınalığını əsas gətirərək küçələrə çıxıb. Xankəndidə  keçirilən etirazlar bir neçə gün davam edib və yalnız baş nazir Nikol Paşinyanın məsələyə qarışmasından sonra müvəqqəti dayandırılıb. 

Ekspertlər  baş verənlərin sadəcə üzdə olan proseslər olduğunu, əsas hədəfin  Dağlıq Qarabağda  rejimin dəyişdirilməsinə yönəldiyini deyirlər. Onların fikrincə, Paşinyan Yerevanda Sarkisyan tərəfdarlarını təmizlədikdən sonra  Qarabağa keçmək istəyir. Çünki  indiki yerli hakimiyyət  Sarkisyanın qurduğu ssenariyə əsasən hərəkət edir və  sabiq baş nazirə  yaxın olan  qüvvələrdir. Bu isə Paşinyanı qane etmir.

Ekspertlər hesab edir ki, Ermənistan rəhbərliyi  hazırkı dönəmdə Dağlıq Qarabağda gərginliyin artmasından da ehtiyat edir. Çünki ilk növbədə Paşinyan mövqeyini hələ Ermənistanın siyasi dairlərində möhkəmləndirə bilməyib. Digər tərəfdən inqilab nəticəsində hakimiyyətə gələn Paşinyan əhalinin sosial rifahının yaxşılaşdırması istiqamətində bu günə qədər konkret addımlar ata bilmir.Bu isə yeni bir etiraz dalğasına səbəb ola bilər.

Ekspertlər hesab edir ki, hazırkı hakimiyyət Ermənistanda və qondarma rejim olan Dağlıq Qarabağ respublikasında istər sosial-iqtisadi, istərsə də siyasi baxımdan problemlərin həlli istiqamətində müsbət addım atmaq iqtidarında deyil. Buna baxmayaraq, o, Dağlıq Qarabağda Sarkisyan tərəfdarlarını saxlamaq niyyətində olmadığını nümayiş etdirməyə başlayıb. Siyasi analitiklərin fikrincə, hazırda ölkədə vəziyyət  hələlik gərgin olduğu üçün Paşinyan radikal addımlar atmağa ehtiyat edir. Digər tərəfdən, baş nazir postunda oturan Paşinyanın özünün də idarə etmə və siyasi potensialı  çox aşağı qiymətləndirilir. Ona görə Paşinyan atdığı addımların  əks təsirindən ehtiyat edir.


Create Account



Log In Your Account