Sep 26 2019 16:58
Views: 385

Bağlanmış bankda qorunmayan əmanəti olan və əmanətinin batdığını düşnən vətəndaşlara şad xəbər var. Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlara pullarını geri qaytaracaq. Bu haqda İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, qanuna əsasən, banklar müflisləşib bağlandıqda, dövlət oradakı yalnız qorunan əmanətləri öz sahiblərinə qaytarmağa boyun olur.

Hələlik, müflis olan banklarda qorunmayan əmanətlərin cəmi məbləği açıqlanmır. Amma o bəllidir ki, bütün  müflis olan banklarda əmanətləri qorunmayan vətəndaşlar var. Və onların sayı on minlərlədir.

Pulları “Bank Standard”da batmış kreditorlarla əlaqədar ilk qərar verilib. Bu təşəbbüslə Əmanətlərin Sığortalanması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Müraciətə sentyabrın 10-da baxılıb və qərar qəbul olunub. Bu barədə “Bank Standard” Kreditorlar Komitəsinin sədri Şahin Əhmədov məlumat verib. Onun sözlərinə görə, “Bank Standart”da 10 min dollar və ya 17 min manatdan çox olmayan qorunmayan əmanətçilərin depozitinin cəmi məbləği 6 milyon manatdan çoxdur.

Qeyd edək ki, 17 min manatadək qorunmayan əmanətlərin qaytarılması qərarı bütün bağlanmış bankları əhatə edir. Bu addım həm də dövlətin təqdim etdiyi sosial paketin bir elementi kimi təqdim oluna bilər. Çünki dövlət özünə aid olmayan, bankların üzərində olan məsuliyyəti öz üzərinə götürür ki, bu da son nəticədə 52 min vətəndaşın sosial vəiyyətinin gücləndirilməsinə təsir edəcək. Kreditorlar gələcəkdə 17 min manatdan artıq məbləğdə qorunmayan əmanəti olan vətəndaşların da pullarının geri qaytarılacağına ümid edirlər. Xatırladaq ki, Azərbaycanda son illərdə 13 bankın müflisləçməsi qeydə alınıb.

 


Create Account



Log In Your Account