Feb 18 2019 16:14
Views: 241

“Bu günkü beynəlxalq münasibətlər sistemində Qoşulmama Hərəkatı çox böyük rola və əhəmiyyətə malikdir”. Bunu CBC-yə müsahibəsində Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin zirvə görüşünün Bakıda keçirilməsini, eləcə də, Azərbaycanın 2022-ci ilədək hərəkata sədrlik etməsini mühüm hadisə adlandırıb. Qeyd edib ki, bu təşkilat yarandığı tarixdən etibarən beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır.

“Soyuq Müharibə dövründə də beynəlxalq münasibətlərdə gərginliyin azaldılması, sülhün və təhlükəsizliyin təmin olunması prosesində Qoşulmama Hərəkatı özünəməxsus rol oynayıb. 1989-cu ildə keçmiş Yuqaslaviyanın süqutundan sonra Avropa məkanında Qoşulmama Hərəkatı özünün siyasi baxımından mövcudluğunu sanki sona yetirmişdi. Və Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzvlüyü və nəticə etibarilə də, bu hərəkatın sammitinə ev sahibliyi etməsi ilə hərəkatı yenidən Avropanın siyasi məkanına gətirmiş olur”.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın 120 ölkəsindən nümayəndələr Bakıda bir araya gələcək. 120 ölkədən 70-i xarici işlər nazirləri səviyyəsində təmsil olunacaq. Mötəbər tədbirin yüksək səviyyədə təşkil edilməsi üçün ölkə prezidentinin sərəncamı ilə xüsusi tərkibdə işçi qrupu yaradılıb.

Qoşulmama Hərəkatı BMT-dən sonra öz üzvlərinin sayına görə dünyada ikinci iri beynəlxalq təşkilatdır. Qurumda 120 üzv, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat var. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olub.


Create Account



Log In Your Account