Mar 29 2019 18:20
Views: 561

Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində ölkə iqtisadiyyatı xarici şokları uğurla geridə qoyub. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə təşkil olunan “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda deyib. Bildirib ki, ölkə başçısının 2016-cı ildə elan etdiyi yol xəritələri əsasında Azərbaycan iqtisadiyyatı resessiyadan inkişaf mərhələsinə keçib.

Qeyd edək ki, OECD Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması sahəsində islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda təhlil icmalı hazırlayıb. İcmal “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrası üçün müəyyən edilən bəndlər üzrə beynəlxalq təcrübənin öyrənilməsini və uğurlu tətbiqinə dəstək vermək, eləcə də, Azərbaycanın əldə etdiyi müsbət nəticələr haqqında OECD-nin üzv ölkələrini məlumatlandırmaq məqsədi daşıyır. İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson bildirib ki, hesabat Fransada keçirilən “Avrasiya Həftəsi 2018” tədbirində də təqdim edilib. O, Azərbaycanın bu sahədəki təcrübəsini yüksək qiymətləndirib.

Konfransda Avrasiya regionu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, regionun iqtisadi və sosial inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsi, həmçinin bu sahədə mövcud problemlərin həlli yolları müzakirə edilib.

Konfransda İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.EnterpriseAzerbaijan.com portalı təqdim olunub. Müzakirəyə beynəlxalq qurumların, diplomatik korpusun yüksək vəzifəli nümayəndələri də qatılıb.


Create Account



Log In Your Account