Aug 31 2019 19:09
Views: 244

26 il əvvəl – 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Daqğı Qarabağ bölgəsinin hüdudlarından kənarda yeləşən qədim Azərbaycan rayonu Qubadlını bütünlüklə işğal edib. Qubadlı rayonu IV-V əsrə aid tarixi abidələrlə zəngindir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən məhv edilib.
Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Qubadlı rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və erməni əsilli şəxslərin məskunlaşdırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Azərbaycan Xarici İşlər Nazirliyinin Qubadlı rayonunun işğalının 26-cı ildönümü ilə bağlı açıqlamasında belə deyilir. Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının Qubadlının işğalından sonra qəbul edilmiş qətnamələrində Azərbaycan ərazilərinin işğalı qəti şəkildə pislənib. Lakin Ermənistan bu günədək həmin tələbləri yerinə yetirməkdən yayınır. Rəsmi Bakı bəyan edib ki, münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, vətəndaşların pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır. 
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yaydığı bəyanatda da beynəlxalq ictimaiyyətə çağırış yer alıb. “Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə bu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb. Xatırladaq ki, sahəsi 80 min 250 hektar olan Qubadlının işğalı zamanı rayon ərazisindəki qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələrini istismar edib, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib. 
İndi  Qubadlı rayonunun 38 mindən çox əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıb.


Create Account



Log In Your Account