Nov 03 2017 18:31
Views: 1045

Bundan sonra Azərbaycan yığmasını “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çalışdıracaq. Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Qurban Qurbanov "Qarabağ"da qalmaqla, millidə vəzifəsini icra edəcək. Bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev açıqlama verib. 
“Baza komanda "Qarabağ" olacaq.  “Qarabağ”da qalıb məşqçliyi davam edəcək. Premyer Liqanın bütün klubları ilə sıx işləyəcək. Bu, işin xeyirinə olacaq. Bu məsələ icraiyyə komitəsində çox müzakirə olundu və  yekdilliklə qərar qəbul olundu ki, o “Qarabağ”da qalsın”. 
Rövnəq Abdullayev bildirib ki, Qurban Qurbanov ən azı 6 il millidə çalışacaq.
Millinin yeni baş məşqçisi bildirib ki, yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edəcək.
“Həm futbolçu, həm məşqçi karyerası elədir ki, futbolçu olanda millidə oynamaq istəyirsən. Məşqçi kimi millidə işləmək isə hər kəsin arzusudur. Mənə inandığınız üçün təşəkkür edirəm. Məsuliyyətli işdir. Hamının gözü millidədir.  Böyük məsuliyyətdir mənim üçün”.
Yeni baş məşqçi hesab edir ki, yüksək nəticələr üçün zamana ehtiyac var.
“Bu, bir ayın işi deyil. Planlarımız uzunmüddətli olacaq. Yavaş-yavaş irəli getməliyik ki, milli daha peşəkar olsun. Bu işin öhdəsindən gəlmək üçün əlimdən gələnin artığını etməyə çalışacam. Bir azərbaycanlı kimi çalışacağam ki, milli komandamız, futbolumuz üçün daha artığını edə bilim”.
Qurban Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq. Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-sı başa çatacaq.


Create Account



Log In Your Account