May 15 2018 16:37
Views: 362

Fələstin Amerika Birləşmiş Ştatlarının Qüdsdəki səfirliyini yəhudi yaşayış məskənlərindən biri hesab edir. Bunu Fələstinin dövlət başçısı Mahmud Abbas bəyan edib. O, Qəzzada yaşanan qətliamın dayandırılması üçün dünya birliyinə çağırış edib. O, Birləşmiş Ştatların artıq bölgədə sülh danışıqlarında vasitəçilik edə bilməyəcəyini,bu haqqını itirdiyini  bildirib. 14 mayın Fələstin üçün faciəli gün olduğunu qeyd edən Mahmud Abbas 70 il əvvəl məhz bu gündə fələstinlilərin öz doğma torpaqlarından çıxarıldığını deyib.
Mahmud Abbas fələstinliləri müqavimətə davam etməyə çağırıb. Ölkədə üç günlük matəm elan edib. Türkiyədə də Qəzzada çox sayda insanın ölümü ilə bağlı 3 günlük matəm elan olunub.  Türkiyə rəsmi Vaşinqtonun addımına etiraz olaraq Birləşmiş Ştatlar və İsraildəki səfirlərini geri çağırıb.  Prezident Rəcəb Tayyib Ərdoğan Qəzzada yaşananları “soyqırım” adlandırıb. Öz növbəsində Amerika Birləşmiş Ştatları insan ölümlərinin məsuliyyətini Həmas-ın daşıdığını açıqlayıb.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə etiraz olaraq Qəzza zolağı boyunca keçirilən aksiyalarda ölənlərin sayı 59 nəfərə çatıb. Yaralıların sayının 2 mindən çox olduğu bildirilir. Dünyanın bir çox ölkəsində Amerika və İsrail əleyhinə etiraz aksiyaları keçirilib. Türkiyədə minlərlə insan  İstanbulun mərkəzində toplaşaraq fələstinlilərin ölümünü pisləyib. Amerika Birləşmiş Ştatlarının özündə də insanlar səfirliyin köçürülməsinə və fələstinlilərin öldürülməsinə etiraz olaraq küçələrə çıxıb. Məsələ bu gün BMT təhlükəsizlik şurasında müzakirə olunacaq. Şuranın müvəqqəti üzvü olan Küveyt təcili iclas çağırılmasını tələb edib.


Create Account



Log In Your Account