Jan 11 2019 13:41
Views: 338

İranda hökumət ciddi iqtisadi dəyişikliklərə hazırlaşır. Son illər İran İslam Respublikasına qarşı tətbiq edilən sanksiyaların fonunda yerli hökumət bəzi islahatlara getməli olub. Bu günlərdə isə İrana qarşı bir sıra sanksiyaların davam etdiriləcəyinə dair yeni məlumat açıqlanıb. 

Son sanksiyalar İranda iqtisadi sahədə problemləri dərinləşdirib - qiymət artımı, dolların məzənnəsinin kəskin dəyişməsi, milli valyutanın zəifləməsi kimi məsələlər ortaya çıxıb. Odur ki, indi İran Mərkəzi Bankı növbəti denominasiya ilə bağlı hökumətə müraciət edib.

Ekspertlər bildirirlər ki, adətən denominasiyadan sonra maliyyə bazarlarında sabitlik yaranır, vətəndaşlar üçün aydın bir mənzərə formalaşır. Bu baxımdan, denominasiyanın İranın xarici ticari əlaqələrinə problem yaradacağını demək olmaz.

Artıq İran Mərkəzi Bankı rialın üzərindən 4 sıfırı silmək barədə təklifi irəli sürüb. Dəyişiklikdən sonra bir “yeni” rial 10 min “köhnə” riala bərabər olacaq. İndi qonşu ölkədə 1 ABŞ dollarının məzənnəsi, təxminən, 10 min rial təşkil edir. Denominasiya qəbul edilərsə, 1 dollar 1 riala bərabər tutulacaq. Adətən xarici ticari əməliyyatları beynəlxalq valyuta ilə aparıldığından, bu qərarın Azərbaycana xüsusi təsiri olacağı gözlənilmir. 

Ekspertlər qeyd edirlər ki, Rəsmi Tehran və Bakı qarşılıqlı münasibətlərdə aydın və praqmatik mövqe tutublar. Ölkələr arasında möhkəm qarşılıqlı iqtisadi əlaqələr mövcuddur. Azərbacyan və İran bölgədəki iri nəqliyyat layihələrində birgə iştirak edir. Mütəxəssislərin fikrincə, İranda gözlənilən növbəti denominasiya sakit keçəcək. Və bu proses bölgədəki münasibətlərə hansısa təsir göstərməyəcək.

Qeyd edək ki, bu, son 3 ildə İran valyutasının artıq ikinci denominasiyası olacaq.


Create Account



Log In Your Account