Mar 25 2019 14:15
Views: 432

“Azərbaycan cəmiyyəti Nəsimini hələ tam dərk etmir”. Azərbaycan kinematoqrafiyasında dahi  şair İmadəddin Nəsiminin ölməz obrazını canlandıran xalq artisti Rasim Balayev  bu fikirdədir.  2019-cu ilin Azərbaycanda "Nəsimi İli" elan olunmasını yüksək qiymətləndirən xalq artisti CBC-yə müsahibəsində bildirdi ki,  Nəsiminin yazdıqlarını ancaq onun irsini araşdıran nəsimişünaslar tam anlayır. 1963-cü ildə çəkilən “Nəsimi” filmində baş qəhrəmanı oynayan Rasim Balayev çəkilişlərə hazırlıq zamanı onun qəzəllərinin dilini anlamaq üçün saatlarla şeirlərini oxuduğunu deyir. Üzərindən illər keçsə də bu gün də Nəsimini oxumaqdan zövq alan xalq artisti onun yaradıcı dünyasının sirrlərlə dolu olduğunu qeyd edir. Onun fikrincə, dahi şairi öncəliklə özümüzə tanıtdırmalıyıq. 

Nəsimi yaradıcılığını dərin bir dəryaya bənzədən xalq artisti onun qəzəllərində dünyəvi dəyərləri aşıladığını  və fəlsəfi fikirlərlinin zamansız olduğunu düşünür. Deyir ki, Nəsimi ili çərçivəsində keçirilən tədbirlər də bu sənət dühasını dünyaya tanıtmaq üçün əla şansdır.

Rasim Balayev deyir ki, filmin çəkilişlərinə hazırlıq zamanı Nəsiminin zahiri obrazını yaratmaq elə də asan olmayıb. Çünki dahi şairin görkəmi, onun xarakterini təcəssüm edən tərcümeyi halı olmadığından Nəsiminin obrazını yalnız onun şeirlərinə istinadən yaradıb. Nəsiminin dindar şair olduğunu deyən aktyor onun hər bir qəzəlinin Quranın ayələrinə istinad etdiyini, Allaha, peyğəmbərlərə mədhiyyələrini öz dilində, öz nəsri ilə insanlara anlatmaq istədiyini bildirir.

Filmin çəkilişlərinin Naxçıvanda aparıldığını deyən aktyor maraqlı anlar yaşandığını bildirir. 24 yaşında Nəsiminin obrazını yaradan xalq artisti dahi şairə xalqın sevgisi və rəğbətini çəkiliş meydançasında ikən hiss etdiyini deyir.

Tarixi filmlərin çəkilməsində milli lider Heydər Əliyevin danılmaz xidmətlərindən danışan aktyor  yenidən Nəsimi barədə film çəkildiyi halda onun qocalığını canlandıra biləcəyini deyir. “Nəsimi” filmində dahi şairinin 3 yaş dövrünü canlandırıldığını qeyd edən aktyor bu filmin Nəsiminin 600 illik yubileyinə böyük töfhə olduğunu qeyd edir. Filmin tamaşaçıların böyük sevgi və rəğbətini qazandığını və bu gün də sevə-sevə seyr edildiyini bildirir.


Create Account



Log In Your Account