May 22 2019 18:58
Views: 607

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti dövlət investisiya layihəsi çərçivəsində Şamaxı və Ağsu rayonlarının 5 kəndində içməli su layihələrinin icrasına başlayıb.

Şamaxı rayonunda icra olunan layihə Bağırlı, Ovçulu və Çöl Göylər, Ağsu rayonunda isə Qəşəd və Ləngəbiz kəndlərini əhatə edir. İndiyədək bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyib. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər olub.

Kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Oğuz-Qəbələ-Bakı su kəməri seçilib. Su kəmərindən götürülən suyun kəndlərə nəqli məqsədilə ümumi uzunluğu 9,5 km olan magistral su xəttinin inşası nəzərdə tutulur. Ağsu rayonunun Qəşəd kəndində su anbarı tikiləcək, Ləngəbiz kəndindəki 100 kubmetr tutumu olan mövcud su anbarı yenidən qurulacaq.

İndiyədək 10 km su xəttinin tikintisi yekunlaşıb. Hazırda anbarların və su xətlərinin tikintisi davam edir. Yaxın vaxtlarda bulaqların quraşdırılmasına başlanılacaq. Layihələrin  icrasından 6 mindən  çox sakin faydalanacaq.


Create Account



Log In Your Account