Dec 10 2018 15:35
Views: 476

Quba sakini Nailə Məmmədova məhkəmənin onun nəvəsinə  görə kəsdiyi alimenti uzun müddət ala bilməyib. Nailə xanım və onun qızı məsələnin hüquqi həll yolunu bilmədikləri üçün kürəkəndən alimenti almaq xeyli  uzanıb. Bir müddətdən sonra onlar həssas qruplara aid edilən şəxslərə huquqi yardım məqsədilə fəaliyyət göstərən “Resurs Mərkəzi”nin olduğunu öyrənib. Nailə xanım “Resurs Mərkəzinə” müraciət edərək mərkəzin hüquqşünaslarının yardımı ilə qısa zamanda probleminin həllinə nail olub. Mərkəzin əməkdaşları Nailə Məmmədovaya öz imtiyazları haqqında da məlumat verib və bütün zəruri köməyi göstəriblər.

Avropa İttifaqının maliyyələşdirdyi “Resurs Mərkəzi” bir ildir  fəaliyyət göstərir. Mərkəz BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin həyata keçirdiyi "İnsan Hüquqlarının təşviqi və effektiv müdafiəsində milli subyektlərin potensialının artırılması" layihəsi çərçivəsində yaradılıb. Mərkəzin əsas məqsədi  aztəminatlı və fiziki məhdudiyyətli  vətəndaşlara ödənişsiz hüquqi yardım göstərməkdir.  Müraciət edən vətəndaşların əksəriyyətinin problemləri əsasən  sosial yönümlü sahələri əhatə edir.

İşə başlayandan bu günə kimi Resurs Mərkəzində 300-ə yaxın vətəndaşa hüquqi yardım göstərilib və müsbət nəticələr əldə edilib. Resurs Mərkəzində göstərilən xidmətlərə pulsuz hüquqi məsləhət və tövsiyyələr, ərizəçilərə məhkəmə işinin başladılmasına yardım, məhkəmə işi üçün zəruri olan vəsatət və digər sənədlərin, eləcə də müxtəlif orqanlara yazılı müraciətlərin hazırlanması, təqdim edilməsi və digər məsləhətlər daxildir.

Resurs Mərkəzinin mütəxəssisləri ayda bir dəfə Quba, Şəki, Cəlilabad  rayonlarına və Gəncə şəhərinə səfər edir, Ombudsman  mərkəzlərinin dəstəyi ilə görüşlər keçirir və vətəndaşlara hüquqi yardım göstərir. Pulsuz hüquqi xidmətlərlə yanaşı Resurs Mərkəzi insan hüquqlarının təşviqi və müdafiəsinə də xüsusi diqqət ayırır. Çünki huquq sahəsində fəaliyyət göstərən mərkəzlərin sayca az və ya ödənişli olması səbəbindən  vətəndaşlar, xüsusilə əhalinin həssas qrupları bu sahəyə maraq göstərmirlər. 

Layihənin fəaliyyəti hələ 2 il də davam edəcək. Müraciət edənlərin sayı artacağı təqdirdə Resurs Mərkəzinin fəaliyyət dairəsi genişləndirilə bilər.


Create Account



Log In Your Account