Dec 01 2017 19:23
Views: 4003

15 yaşlı gənc ixtiraçı Reyhan Camalovanın ixtirası noyabrın 28-DƏN 30-dək Hindistanda keçirilmiş Qlobal Sahibkarlıq Forumunda hətta Amerika Birləşmiş Ştatları prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Trampın da diqqətini cəlb edib. Forumda Azərbaycanı uğurla təmsil edən Reyhan artıq vətənə dönüb. Onu Heydər Əliyev beynəlxalq Hava Limanında sinif yoldaşları və yaxınları qarşılayıblar. Gənc ixtiraçı deyir ki, forum parlaq təəssüratlarla yadda qalıb. Xüsusilə İvanka Trampın onu təqdim etməsindən böyük qürur keçirib.

9-cu sinif şagirdinin forumda təqdim etdiyi layihə Reynenerci (Rainergy) qurğusu adlanır.  Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır. Bu da təqribi 22 watt enerji deməkdir. Reyhan Camalova deyir ki, hazırda bu enerjini çoxaltmağın üzərində işləyir. Beynəlxalq forumda layihə xarici investorların da diqqətini cəlb edib.

Hələ uşaqlıqdan kiçik ixtiralar etdiyini deyən Reyhan “Rainergy” qurğusunu sinif yoldaşı Zəhra Qasımzadə ilə birgə hazırlayıb. Amma onun ən böyük dəstəkçisi ailəsi olub. Reyhan deyir ki, atası ona ixtirasında da yardım göstərib. Heç kəs layihəsinə inanmadığı vaxtda məhz valideynləri gənc ixtiraçını ruhlandırıb. Anası Ulduz Camalova deyir ki, Reyhan hər zaman cəmiyyətə yararlı olmaq istəyib. Gənc startapçının uğurunun arxasında komanda əməyi dayanır.

Reyhan Camalovanın layihəsi alternative enerji mənbələrinin dünyada aktuallaşdığı indiki dönəmdə xüsusilə yağıntıların çox olduğu Hindistan, İndoneziya kimi ölkələr üçün faydalıdır. Hindistanda forumda təqdim olunan layihə həm geniş miqyasda tanınıb, həm də investorların diqqətini cəlb edib.


Create Account



Log In Your Account