Jan 13 2018 18:27
Views: 235

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının işə düşməsi Azərbaycan üzərindən TIR daşımalarının həcmini bir neçə dəfə artırmağa imkan verəcək. TIR-lar terminaldan Ro-Ro tipli gəmilərlə Aktau, Kurık,Türkmənbaşı limanları istiqamətində və əksinə daşınacaq. Ro-Ro – “roll on” və “roll off” sözlərinin qısaldılmasından ibarət olan bu terminlə təkərli nəqliyyat vasitələrinin daşındığı gəmilər ifadə olunur. Təkərli nəqliyyat vasitələri dedikdə, hər növ avtomobillər, yük maşınları, konteynerlər nəzərdə tutulur. Yük sahiblərinin Ro-Ro tipli gəmilərə marağı böyükdür. Bu da təsadüfi deyil.
Ələtdəki terminalın imkanları olduqca genişdir. Ən müasir texniki tələblərə uyğun tikilən terminal ildə 60 minə yaxın TIR və ya 1.8 milyon ton yük qəbul edə biləcək.
İndiyədək Ro-Ro tipli gəmilər şəhərin mərkəzindəki köhnə limanda qəbul edilib. Yeni terminalın işə düşməsindən sonra bu gəmilər Ələtə yan alacaq.
2015-ci ildə Bakı limanından 8 mindən çox təkərli texnika keçmişdisə, 2017-ci ildə bu rəqəm 28 min 500-dən artıq olub. Bu, 3 dəfədən çox artım deməkdir. Yeni terminal bu rəqəmi bir qədər də artırmağa imkan verəcək.
Söhbət yalnız daşınan yüklərin yox, həm də sərnişinlərin  artımından gedir. İstənilən şəxs öz avtomobili ilə, yaxud avtomobilsiz Ro-Ro gəmiləri vasitəsilə bu terminaldan qarşı limanlara və əksinə səfər edə bilər.
Terminal limanda birinci faza çərçivəsində həyata keçirilən infrastruktur layihələrindən sadəcə biridir. İndi liman ərazisində yeni yük körpüləri, yardımçı binalar və anbarların inşası davam etdirilir, yükləmə-boşaltma işlərinin aparılması üçün yeni texnika quraşdırılır.
Ümumilikdə kompleksdə birinci faza çərçivəsində işlərin bu ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bu mərhələ başa çatdıqdan sonra limanın illik yükaşırma gücü ildə 15 milyon ton yük, o cümlədən 100 min ədəd konteyner olacaq.
Yeni liman həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin digər istiqamətlərə ötürülməsində bir növ yükcəmləmə məntəqəsi rolunu oynayacaq. Müxtəlif istiqamətlərdən daxil olan yüklər burada toplanaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya, yaxud əksinə gəmilər vasitəsilə Şərq istiqamətində daşınacaq. Liman da daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması isə Ələtin nəqliyyat qovşağına çevrilməsinə imkan verəcək.


Create Account



Log In Your Account