Dec 19 2019 19:51
Views: 424

Özbəkistanın təşəbbüsü ilə 1997-ci ildən etibarən hər iki ildən bir qədim və zəngin tarixə malik Səmərqənd şəhərində keçirilən Beynəlxalq “Şərq təranələri” musiqi Festivalı tədricən məşhurlaşaraq regionda və dünyada böyük musiqi bayramına çevrilib. Əvvəllər Festivala 20 ölkə qatılırdısa, indi artıq bu mötəbər musiqi yarışmasına dünyanın 4 qitəsindən, 80-dən çox ölkənin musiqiçiləri iştirak edirlər. Səmərqənd şəhərinin Mərkəzi Gənclər Sarayında bu mötəbər musiqi yarışmasının azərbaycanlı qaliblərinin Qala konserti təqdim edilib. Tədbir Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə keçirilən “Azərbaycan musiqisi və muğamı günləri” çərçivəsində reallaşdırılıb. Konsert proqraında 1997-ci il “Şərq təranələri” musiqi Festivalının qran-pri mükafatçısı, Azərbaycanın xalq artisti Simarə İmanova, Festivalın 2003-cü il qalibi, xalq artisti Zabit Nəbizadə, 2017-ci il qran-pri mükafatçısı, əməkdar artist, tarzən Sahib Paşazadə, 2019-cu il üzrə qalib, gənc muğam ifaçısı Pərviz Qasımov çıxış ediblər. “Şərq Təranələri” Festivalının 2019-cu il üzrə qalibi, gənc muğam ifaçısı Pərviz Qasımov və Özbəkistanın əməkdar artisti, Bakıdakı Muğam müsabiqəsinin qalibi Yulduz Turdiyevanın birgə ifa etdikləri “Qarabağ” mahnısı alqışlarla qarşılanıb.


Create Account



Log In Your Account