May 13 2019 18:14
Views: 245

Brüsseldə Avropa İttifaqı ölkələrinin və "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçısı olan altı ölkənin Xarici İşlər nazirlərinin görüşü başa çatıb. Avropa İttifaqı və Şərq Tərəfdaşlığına daxil olan 6 ölkənin xarici işlər nazirlərinin toplantısında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib. toplantıdan əvvəl Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ayaüstü söhbət olub. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Moqerini sədrlik etdiyi iclas mətbuata qapalı şəraitdə keçirilib.  görüşdə iddialı 2020-ci il üçün 20 praktiki nəticə adlı fəaliyyət planı çərçivəsində əldə olunan irəliləyişlər qiymətləndirilib. Bu müştərək proqram 2017-ci ilin noyabrında baş tutan sonuncu Şərq Tərəfdaşlığı Sammitində qəbul edilib və məqsədi daha güclü iqtisadiyyat, daha güclü idarəetmə, daha güclü əlaqələr və daha güclü cəmiyyət istiqamətində çalışmaqla bütöv regionun vətəndaşlarının həyatına gözəçarpan dərəcədə mənfəət gətirməkdir.Görüşün yekununda Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirləri birgə foto çəkdiriblər.

Toplantıda Avropa İttifaqına üzv 28 dövlət, 6 tərəfdaş ölkə və digər əsas maraqlı tərəflər təmsil olunub. İclasda Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Han da iştirak edib.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş ikigünlük tədbir sabah Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçılarının iştirak edəcəyi yüksək səviyyəli konfransla davam edəcək. Avropa Komissiyasının binasında komissiyanın rəhbəri Jan-Klod Yunkerin sədrliyi ilə keçiriləcək  konfransda Azərbaycan da təmsil olunacaq.   


Create Account



Log In Your Account