May 23 2019 18:31
Views: 336

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının 10 illik yubileyi bu dəfə Mingəçevirdə qeyd edildi. “Avropa günləri”nin növbəti mərhələsi Kür çayı sahilində salınmış bu gözəl şəhərdə keçirildi. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, İttifaqa üzv olan dövlətlərin səfirləri və jurnalistlər öncə Mingəçevir şəhər icra hakimiyyətində oldular. Burada onlara Mingəçevirin investisiya və turizm imkanları barədə məlumat verildi. Qeyd edildi ki, Avropa dövlətləri Mingəçevirdə turizm sektoru və digər sahələrə investisiya yatıra bilərlər.

Daha sonra nümayəndələr İcbari Tibbi Sığortanın pilot layihə şəklində tətbiq edildiyi Mingəçevir Şəhər Xəstəxanasını ziyarət etdilər. Burada yeni müasir xidmət sahələri, laboratoriya və müxtəlif şöbələrlə tanış oldular. Qonaqlara həmçinin “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin nəticələri təqdim edildi. Bildirildi ki, Avropa İttifaqı tvininq layihəsi çərçivəsində tibb sahəsi üzrə mütəxəssis dəstəyini təmin edir.

Layihə rəhbəri bildirdi ki, pilot ərazilərdə Fransa, Litva və Estoniya mütəxəssisləri işləyiblər və İcbari Tibbi Sığortanın müxtəlif modellərini təqdim ediblər. Onun sözlərinə görə, Tvininq layihəsinin nəticələri onu göstərdi ki, İcbari Tibbi Sığortanın tətbiqi Azərbaycanın bütün vətəndaşları üçün genişləndirilməlidir. İcbari Tibbi Sığorta eyni zamanda, Azərbaycanın iqtisadi artımına öz töhfəsini verəcək.

 


Create Account



Log In Your Account